Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 03:43

IAEA rəhbəri Ukraynada nüvə təhlükəsizliyi riskləri ilə bağlı xəbərdarlıq edib


Ukraynanın Rusiyanın nəzarətində olan ərazisindəki Zaporojye Atom Elektrik Stansiyasının dispetçer otağı.
Ukraynanın Rusiyanın nəzarətində olan ərazisindəki Zaporojye Atom Elektrik Stansiyasının dispetçer otağı.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) rəhbəri Ukraynada nüvə qəzası riskinin davam etməsi barədə xəbərdarlıq edib. O bildirib ki, "nüvə təhlükəsizliyi ilə bağlı təhlükələr hələ də çox real və daim mövcuddur".

2022-ci ilin fevralında Rusiyanın başlatdığı işğalçı müharibədən bəri Kiyevə 12-ci dəfə səfər edən IAEA baş direktoru Rafael Qrossi iyunun 3-də bildirib ki, Ukraynanın nüvə obyektlərində beynəlxalq qurumun əməkdaşlarının olması nüvə insidentinin qarşısını almaq üçün vacibdir.

IAEA müharibə başlayandan bəri Ukraynanın atom elektrik stansiyalarının vəziyyətinin qorunmasında rol oynayıb.

Agentlik mütəmadi olaraq Rovno və Xmelnitskidə fəaliyyət göstərən reaktor sahələrinə ekspert qrupları göndərir və təhlükəsizlik səbəbi ilə bağlanmış Zaporojye AES-də daimi əməkdaşları var.

Rovno və Xmelnitskidəki nüvə obyektlərində olan IAEA mütəxəssisləri Qrossinin səfəri zamanı hava hücumu xəbərdarlıqları səbəbindən üç dəfə sığınacağa girməli olublar.

"Mənim komandalarım bildirir ki, bu, keçən ilin sonlarından bəri qarşılaşdıqları ən intensiv hava hücumu siqnalı günü olub", - Qrossi bəyanatında deyib.

Qrossinin sözlərinə görə, o, Kiyevdə aktiv hava siqnalı ilə əlaqədar energetika naziri Qerman Qaluşenko və digər yüksəkvəzifəli şəxslərlə Energetika Nazirliyinin zirzəmisində görüşüb.

O, həmçinin prezident Volodimir Zelenski və xarici işlər naziri Andriy Sibiqa ilə görüşüb və nüvə enerjisi infrastrukturunun bərpası və genişləndirilməsində ölkəyə dəstək üçün IAEA-ın planlarını müzakirə edib.

Qrossi həmçinin Rusiyanın nüvə stansiyasını öz elektrik şəbəkəsinə qoşmaq üçün addımlar atması barədə məlumatla bağlı "Reuters"ə verdiyi müsahibədə bildirib ki, rusiyalılar stansiyanı yenidən işə salmaq istədiklərini heç vaxt gizlətməyiblər, amma yaxın vaxtlarda bunu edə bilməyəcəklər.

O əlavə edib ki, hazırda stansiyanı işə salmaq mümkün deyil, çünki soyutma üçün su çatışmır və sabit enerji təchizatı mövcud deyil. Qrossi qeyd edib ki, stansiyanı yenidən işə salmaq üçün Dnepr çayından su nasosla çəkilməlidir.

Rafael Qrossi
Rafael Qrossi

"Stansiyanın dərhal işə salınması kimi bir vəziyyət yoxdur"

"Greenpeace" təşkilatı keçən həftə yaydığı hesabatda bildirib ki, Rusiya nüvə stansiyasını öz elektrik şəbəkəsinə qoşmaq üçün 90 kilometrlik yüksəkgərginlikli elektrik xətti çəkir.

Qrossi IAEA-in bu hesabatın nəticələri ilə razılaşmadığını bildirib.

"Bəzi sahələrdə müəyyən işlər görülüb, amma bizdə bunun elektrik stansiyasını bu və ya digər mənada birləşdirmək üçün razılaşdırılmış, təşkil edilmiş planın bir hissəsi olduğuna dair konkret dəlillər yoxdur", - o bildirib. "Hazırda stansiyanın dərhal işə salınması kimi bir vəziyyət yoxdur. Əksinə, bu işin həyata keçirilməsi üçün kifayət qədər vaxt tələb olunacaq".

Prezident Zelenski X platformasındakı paylaşımında bildirib ki, Rusiyanın Ukraynanın iştirakı olmadan Zaporojye AES-i yenidən işə salmaq cəhdləri "absurd və təhlükəli" olar. O əlavə edib ki, bu səbəbdən IAEA rəsmiləri "işlərinə və ya işçilərin rotasiyasına süni maneələr olmadan stansiyada olmalıdırlar". Zelenski qeyd edib ki, oradakı mütəxəssislər dünyaya real vəziyyəti göstərirlər.

Bu obyekt Avropanın ən böyük nüvə elektrik stansiyasıdır. Müharibədən əvvəl Ukraynanın elektrik enerjisinin beşdə birini istehsal edirdi. Altı reaktorundan sonuncusu 2022-ci ilin sentyabrında elektrik istehsalını dayandırıb. 2022-ci ilin fevralında Moskva tammiqyaslı işğal müharibəsinə başladıqdan sonra stansiya Rusiya tərəfindən ələ keçirilib.

Stansiyanın yaxınlığındakı ərazilər mütəmadi olaraq artilleriya və dron zərbələrinə məruz qalır. Bu da stansiyanın özünü soyutmaq üçün lazım olan elektrik enerjisini təmin edən qalan iki elektrik xəttini zədələyib.

Hücumlara görə hər iki tərəf bir-birini ittiham edir.

XS
SM
MD
LG