Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 02:33

Həbsdəki alim 'kars'dan çıxarılmasından ötrü şərt qoyulduğunu deyir


Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin azərbaycanlı doktorantı, iki ilə yaxındır həbsdə olan Fazil Qasımovun aclıq aksiyası keçirdiyinə görə cəzalandırıldığı bildirilir. Yaxınlarının AzadlıqRadiosuna verdiyi bilgiyə görə, mayın 10-dan aclıq edən F.Qasımov 13 gündür cərimə kamerasına (kars) salınıb: "İyunun 3-də Fazil Qasımov anasına deyib ki, "kars"dan çıxmaq üçün şərt qoyublar - aclığı dayandırması barədə ərizə yazmalıdır. Bu da o deməkdir ki, aclığı dayandırmasa, "kars"dan buraxılmayacaq. Fazil görür ki, heç bir cinayət törətmədiyi halda, ona 9 il həbs cəzası veriblər, ona görə etiraz olaraq aclıq aksiyası keçirir".

F.Qasımova 9 il həbs cəzası kəsilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən şikayətə apellyasiya məhkəməsində baxılır. İyunun 4-də Bakı Apellyasiya Məhkəməsində növbəti məhkəmə iclası keçirilməliydi, ancaq üç hakimdən biri gəlmədiyindən proses baş tutmayıb.

25 gündür aclıq etdiyi bildirilən F.Qasımov məhkəmə zalına Penitensiar Xidmətin konvoylarının köməyiylə çətinliklə gətirilib. Onun halsız olduğunu və dayana bilmədiyini görən hakim icazə verib ki, sualları cavablarkən məhkəmə önündə ayağa qalxmasın.

Çətinliklə danışan alim xahiş edib ki, işinə ədalətli baxılsın, vəsatətləri təmin olunsun. O, heç bir cinayət törətmədiyini vurğulayıb.

F.Qasımovun məhkəməsi iyunun 17-nə saxlanılıb.

Məhkəmədə bir neçə dəfə vəsatət qaldırılıb ki, professor Qubad İbadoğlu şahid kimi çağrılıb dindirilsin. İttihama görə, F.Qasımov İstanbulda saxta dollarları Q.İbadoğluya verib, o da həmin saxta valyutaları Bakıya gətirib.

"Qubad İbadoğlu dindirilsin, görək ki, belə bir hal olub, yoxsa yox. Ortada bircə dənə də sübut yoxdur, adama havadan 9 il azadlıqdan məhrumetmə cəzası verilib", - vəkil Nemət Kərimlinin sözləridir.

Lakin vəsatətlər təmin olunmayıb.

F.Qasımovun aclıq etməsi və saxlandığı penitensiar müəssisədə cəzalandırılması haqda dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Daha öncəki açıqlamalarda Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi istintaq təcridxanaları və cəzaçəkmə yerlərində saxlanılan şəxslərin hüquqlarının təmin olunduğunu, onlara qarşı insan ləyaqətini alçaldan, pis rəftara yol verilmədiyini bəyan edib.

Xatırlatma

Fazil Qasımov professor Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə təqsirləndirilərək həbs edilib. O, 2023-cü il avqustun 8-də - Q.İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni - Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə ittiham verilib

Q.İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir hissəsinin saxta olduğu iddia edilib. Təqsirləndirilən professor isə bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan edib.

İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilsə də, o bu ittihamı da qəbul etməyərək cinayət işində yazılanların yalanlayıb.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

F.Qasımovun haqqındakı cinayət işi isə məhkəməyə göndərilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 9 il həbs cəzası kəsilib.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.

XS
SM
MD
LG