Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 01:57

Tramp 12 ölkənin vətəndaşlarına ABŞ-yə girişi qadağan edir


Vaşinqtonda Dalles adına Beynəlxalq Hava Limanı
Vaşinqtonda Dalles adına Beynəlxalq Hava Limanı

ABŞ prezidenti Donald Tramp iyunun 4-də birinci prezidentlik müddətində tətbiq etdiyi səyahət qadağasını yenidən qüvvəyə mindirən sərəncam imzalayıb. Bu, Əfqanıstan və İran da daxil olmaqla 12 ölkənin vətəndaşının ABŞ-yə səyahətini qadağan edir.

Tramp bildirib ki, səyahət qadağası amerikalıları terror hücumlarından qorumaq üçün zəruridir. O, 1 iyun tarixində Koloradoda baş vermiş hücumu misal çəkib. Hakimiyyət orqanlarının məlumatına görə, həmin hadisədə HƏMAS tərəfindən girov saxlanılan israillilərə dəstək məqsədilə nümayiş keçirən insanlara misirli bir şəxs hücum edib.

"Kolorado ştatının Boulder şəhərində baş vermiş son terror hücumu ölkəmizə lazımi şəkildə yoxlanılmamış əcnəbilərin, eləcə də müvəqqəti qonaq kimi gəlib vizalarının müddətini aşanların yaratdığı ciddi təhlükələri bir daha göstərdi. Biz onları istəmirik", - Tramp videomüraciətində deyib.

Polisin məlumatına görə, Kolorado hücumunun şübhəlisi Məhəmməd Sabri Solimanın nümayiş keçirən qrupa hücumu nəticəsində 15 nəfər xəsarət alıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəsmiləri bildiriblər ki, Soliman turist vizasının müddətini aşaraq ölkədə qeyri-qanuni şəkildə qalırmış.

Tramp yeni səyahət qadağasını 2017-ci ildə, birinci prezidentlik müddətinin əvvəlində, əsasən, müsəlman ölkələrinə qarşı tətbiq etdiyi "güclü səyahət məhdudiyyətləri" ilə müqayisə edib. O, son illərdə Avropada baş vermiş terror hücumlarına istinad edərək bu tədbiri özünün ilk prezidentlik müddətinin ən uğurlu siyasətlərindən biri və ABŞ ərazisində xarici terror hücumlarının qarşısının alınmasının əsas hissəsi kimi xarakterizə edib.

"Avropada baş verənlərin Amerikada təkrarlanmasına imkan verməyəcəyik. Biz təhlükəsiz və etibarlı şəkildə yoxlama və nəzarət apara bilmədiyimiz heç bir ölkədən açıq miqrasiyaya icazə verə bilmərik", - Tramp bildirib.

Trampın müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən səyahət qadağasına etiraz. 2017
Trampın müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdən səyahət qadağasına etiraz. 2017

Siyahıda Türkmənistan da var

Əfqanıstan və İranla yanaşı, yeni səyahət qadağası tətbiq edilən ölkələr arasında Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, Liviya, Somali, Sudan Yəmən də var. Qadağa iyunun 9-da Vaşinqton vaxtı ilə saat 12:01-də qüvvəyə minir.

Məhdudiyyət Misir vətəndaşlarına şamil olunmasa da, Tramp "son hadisələri nəzərə alaraq" dövlət katibinə göstəriş verdiyini bildirib. O, Misirin hazırkı yoxlama və nəzarət imkanlarının kifayət qədər adekvat olub-olmadığını təsdiqləmək məqsədilə bu ölkənin tətbiq etdiyi prosedurlar və təcrübənin nəzərdən keçirilməsini, bununla bağlı hesabat hazırlanmasını istəyib.

Bəyanatda qeyd olunub ki, qadağa ilə yanaşı, Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan Venesueladan gələn ziyarətçilərə qarşı da əlavə məhdudiyyətlər tətbiq ediləcək.

Trampın birinci prezidentlik müddətində tətbiq etdiyi səyahət qadağası, əsasən, müsəlmanların yaşadığı yeddi ölkənin - İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmənin vətəndaşlarını əhatə edirdi. Bu qərar həmin ölkələrin hava limanlarında və ABŞ hava limanlarında xaosa və çaşqınlığa səbəb olmuşdu. Sərnişinlərin bəzilərinə ABŞ-yə uçmağa icazə verilməmiş, digərləri isə çatdıqdan sonra saxlanılmışdı. Həmin qadağa hüquqi çətinliklər fonunda dəyişdirilmiş və 2018-ci ildə Ali Məhkəmə tərəfindən təsdiqlənmişdi.

Yeni səyahət qadağası Trampın yanvarda imzaladığı icra əmrinə əsaslanır. Bu əmrdə Dövlət Departamenti, Daxili Təhlükəsizlik Departamenti və Milli Kəşfiyyat Direktoruna ABŞ-yə qarşı "düşmən münasibətləri" ilə bağlı hesabat hazırlamaq tapşırılmışdı. Həmçinin, icra əmri müəyyən ölkələrdən ABŞ-yə girişin milli təhlükəsizlik riski yarada biləcəyi barədə qiymətləndirmə aparmağı nəzərdə tuturdu.

XS
SM
MD
LG