Muay-Tay Federasiyasının mayın 28-də Türkiyənin Antalya şəhərində bıçaqlanan sədri, doqquzqat dünya çempionu Araz Musayev Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin həbsini istəyib. O, yaydığı videoaçıqlamada bir sıra iddialar səsləndirib.
A.Musayevin deməsinə görə, onu Suraxanı rayon İcra Hakimiyyətinin başçısı A.Əliyevin tapşırığı ilə bıçaqlayıblar. Onun vurğulamasına görə, aralarında olan problem isə işlə bağlı olub: "Adam Muay-Tay Federasiyasının başına keçmək istəyirdi. Bizim başqa problemimiz olmayıb. Bilirsiniz, federasiyaya təyinat istəklə deyil, seçimlə olur".
Onun deməsinə görə, A.Əliyev bu vaxta kimi ona qarşı xoş olmayan addımlar atıb, son addım isə Rusiyadan adamlar "kirayələməsi" olub. "Başımdan bir, qarnımdan üç bucaq zərbəsi endiriblər", - Musayev bildirib.
A.Musayev Antalyada müalicə aldığı xəstəxanadan birbaşa ölkə başçısına müraciət edib. Vurğulayıb ki, hələ baçaqlanmazdan öncə bu hadisələrlə bağlı da xəbərdarlıqlarını çatdırıb.
Araz Musayevin bıçaqlanma anı
İcra başçısı yalanlayır
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev musavat.com-a açıqlamasında Araz Musayevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
A.Əliyev deyib ki, A.Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir: "Hadisə ilə heç bir bağlılığım yoxdur. Bu barədə məlumatı mətbuat vasitəsilə almışam. Araz Musayevin çarpayıda uzanaraq cəmiyyətə və ölkənin ali orqanlarına təsir etməyə çalışması, ictimai rəyi manipulyasiya etməsi yolverilməzdir. Bu hadisəni törədən bəlli, hadisənin yeri-yurdu bəllidir. Mən Bakıda oturub öz işimlə məşğulam və bu kimi hadisələrdə indiyə qədər heç zaman adım hallanmayıb, hallana da bilməz... Araz Musayevin nə düşündüyünü, nə üçün belə böhtan atdığını bilmirəm...".
A.Əliyevin fikrincə, əslində A.Musayev bu açıqlaması ilə özünü ifşa edir: "Hələ istintaqın nəticələri bəlli deyil. Belə olan halda, Araz Musayev tələm-tələsik niyə mənim adımı hallandırır? Deməli, ortada istintaqı yayındırmaq cəhdi var. İstintaq hər şeyi ortaya qoyacaq. Nəticəni gözləmək lazımdır".
Xatırlatma
Mayın 28-də Türkiyənin Antalya şəhərində Muay-Tay (Tay boksu) Federasiyasının prezidenti, doqquzqat dünya çempionu Araz Musayev bıçaqlanıb. O, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin saxlandığı bildirilir.
Türkiyənin Antalya şəhərində keçirilən IFMA dünya çempionatına Azərbaycandan 14 nəfərlik heyət qatılmışdı. Muay-Tay Federasiyasının prezidenti A.Musayev heyətə başçılıq edib.