İyunun 2-də Ukrayna və Rusiya nümayəndə heyətləri İstanbulun məşhur Çırağan sarayındakı konfrans zalında görüşməzdən əvvəl də sülhə doğru əsaslı irəliləyiş üçün çox az nikbinlik var idi.
Təxminən birsaatlıq danışıqlardan sonra bunun həddən artıq "çəhrayı gözlənti" olduğu, ümidlərin real olmadığı aydın olub.
Bu kifayət qədər aydın deyildisə də, Rusiyanın döyüşkən keçmiş prezidenti bir gün sonra bunu qəti şəkildə vurğulayıb.
"İstanbul danışıqları başqalarının xəyali şərtləri ilə kompromis, sülh əldə etmək üçün deyil, bizim sürətli qələbəmizi və neonasist rejimin tamamilə məhvini təmin etmək üçündür", - hazırda Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedev Teleqram-dakı paylaşımında bildirib.
İkinci Dünya müharibəsindən bəri Avropanın ən böyük quru müharibəsini sonlandırmaq istiqamətində aparılan danışıqların ikinci raundu birinci raunddan da az nəticə ilə başa çatıb.
Mayda keçirilən ilkin danışıqlar 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğal müharibəsinə başlamasından bəri Kiyev və Moskvanın üz-üzə ilk görüşü idi. Ukrayna Türkiyəyə yüksəksəviyyəli rəsmilərdən ibarət qrup göndərib. Rusiya isə tarixi revizionizmə meylli, açıq sözlü keçmiş mədəniyyət naziri Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətini yollayıb.
Onların qarşılıqlı şəkildə minə qədər müharibə əsirinin dəyişdirilməsini razılaşdırması uğur kimi qiymətləndirilib.
Sülh üçün təkliflər
İyunun 2-də keçiriləcək danışıqlar ərəfəsində hər iki tərəfin sülh üçün çərçivə sazişi ilə bağlı konkret təkliflərini mübadilə edəcəyi gözlənilirdi. Ukrayna öz planını öncədən Kremlə təqdim etdiyini bildirərək digər məsələlərlə yanaşı, qeyd-şərtsiz 30 günlük atəşkəsin elan olunmasını, bütün müharibə əsirlərinin dəyişdirilməsini, həmçinin Rusiyanın oğurladığı bildirilən ukraynalı uşaqların geri qaytarılmasını tələb edib. Əvvəlki kimi, Kiyev müdafiə naziri Rustem Umerovu danışıqlara göndərib.
Rusiyanın öz planını öncədən paylaşmaqdan imtina etməsi artıq pis əlamət kimi qiymətləndirilirdi. Daha narahatedici məqam isə Medinskinin yenidən nümayəndə heyətinə rəhbərlik etməsi idi.
"Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqlardan dərhal irəliləyiş gözləmək düzgün olmazdı", - Kremlin sözçüsü Dmitri Peskov iyunun 3-də deyib.
Rusiya sənədi, nəhayət, dövlət xəbər agentliyi TASS-a təqdim edildikdə bu, müşahidəçilərin Moskvanın sülh şərtləri ilə bağlı ən pis qorxularını təsdiqləyib. Digər tələblərlə yanaşı, Rusiya təklifləri 2014-cü ildə Moskvanın ilhaq etdiyi Ukraynanın Krım yarımadasının və hazırda Rusiya qüvvələrinin qismən işğal etdiyi dörd Ukrayna regionunun beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutur. Mətndə hətta həmin regionlara birgə şəkildə "Novorossiya" –"Yeni Rusiya" kimi istinad edilib. Bu, Rusiya imperiyası dövründə indiki Ukrayna torpaqlarını təsvir etmək üçün istifadə olunan tarixi bir termindir.
Kreml atəşkəsin əldə olunmasından sonra 30 gün ərzində Rusiya tərəfindən iddia edilən ərazilərdən Ukraynanın qoşunlarını çıxarmasını tələb edir. Həmçinin, Ukraynanın NATO-ya üzvlükdən imtina etməsi, silahlı qüvvələrinin tərxis olunması və Kiyevə göstərilən xarici hərbi yardımın yarıbayarı azaldılması da sənəddə əksini tapıb.
"Bu memorandumun mənası haqqında danışmaq yalnız o halda əhəmiyyətli olardı ki, biz Rusiya nümayəndə heyətinin bütövlükdə bu danışıqlarla bağlı bəzi səmimi niyyətlərinin olduğuna.., onların da bu müharibəyə son qoymaq istəyinə inanaq", - mühacirətdə fəaliyyət göstərən "Novaya Gazeta Europa"nın baş redaktoru Kirill Martınov bildirib.
"Amma indiyə qədər gördüyümüz hər şey... Rusiya tərəfinin bu müharibədə qalib gəldiyinə əmin olması ilə bağlıdır - onların fikrincə, sadəcə bir qədər də gözləmək, daha sərt təzyiq göstərmək və, Putinin dediyi kimi, işi bitirmək qalır və Ukrayna çökəcək", —o, "Current Time"a bildirib.
Döyüş meydanında isə Rusiya əməliyyatlarının intensivliyini artırır və yaxın vaxtlarda tammiqyaslı hücumun başlayacağı gözlənilir. Rusiya daha çox canlı qüvvəyə və silah-sursata malik olaraq üstünlüyünü qoruyur və bir neçə istiqamətdə irəliləməyə davam edir. Ukraynalı rəsmilər xəbərdarlıq ediblər ki, yaxınlaşan hücum zamanı Sumı regionun şimal-şərqi əsas hədəflərdən biri ola bilər. Eyni zamanda, danışıqlardan öncə Ukrayna mövqeyini tam aydın şəkildə nümayiş etdirib - Kiyev Rusiyanın Ukraynaya qarşı qanadlı raket hücumlarında istifadə etdiyi onlarca strateji bombardmançı təyyarəsinin yerləşdiyi bir neçə Rusiya aviabazasına cəsarətli və gözlənilməz dron hücumu həyata keçirib.
Ukrayna xüsusilə dronlar ilə bağlı savaşda göstərdiyi yaradıcı yanaşmaya görə təriflənsə də, Rusiya piyadalarının hücumlarına qarşı ön cəbhədəki səngər və istehkamları tam heyətlə təmin etmək və canlı qüvvə cəlb etməkdə çətinlik çəkir və, üstəlik, Rusiyanın pilotsuz uçuş aparatı donanmasını da nəzərə almaq lazımdır.
Ağ evin qeyri-müəyyənliyi
Digər bir qeyri-müəyyən amil isə Ağ evdir. Prezident Donald Tramp danışıqların gedişatının ləngliyindən narazı olduğunu bildirib və ABŞ-nin bu prosesdən tamamilə çəkiləcəyi ilə hədələyib. Lakin Tramp və onun müşavirləri son onillikdəki gərginlikdən sonra Vaşinqtonla münasibətləri bərpa etməyə can atan Putinlə bağlı da narazılıq siqnalları veriblər.
"Görünür, ruslar yenidən vaxt qazanmağa çalışır, ABŞ üçün real hərəkət olmadan diplomatiya görüntüsü yaratmağa cəhd edirlər", — Umerov Facebook səhifəsində yazıb.
Trampın Senatdakı respublikaçı müttəfiqləri demokratların dəstəyi ilə Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək qanun layihəsini irəli sürüblər. Vaşinqtondakı rəsmilərin bildirdiyinə görə, bu təşəbbüs səssiz şəkildə Ağ ev ilə koordinasiya olunur, lakin respublikaçı senator Lindsi Qrem və demokrat senator Riçard Blumental ötən həftə Avropa turu - Ukraynaya səfər də daxil olmaqla - zamanı mövqelərini açıq şəkildə bildiriblər.
"Bu səfərdə öyrəndiyim odur ki, o, daha çox müharibəyə hazırlaşır", - Qrem "The Associated Press"ə müsahibəsində Putin haqqında deyib.
Blumental qanun layihəsində təklif olunan sanksiyaları "sümükləri qıran" adlandırıb və bunların Rusiyanın iqtisadiyyatını "ticarət baxımından təcrid olunmuş ada"ya çevirəcəyini bildirib.
"Putin və dünya üçün kritik an çatıb, çünki Rusiya yeni bir hücuma hazırlaşır", - o əlavə edib.
Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.