Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 01:41

Tramp Rusiya-Ukrayna savaşına 'bir müddət' qarışmamağı təklif edir


ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Almaniya kansleri Fridrix Mertslə görüşür.
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə Almaniya kansleri Fridrix Mertslə görüşür.

Rusiyanın Ukraynaya qarşı müharibəsini uşaqların davasına bənzədən ABŞ prezidenti Donald Tramp "bəzən onları bir müddət döyüşməyə qoymaq daha yaxşıdır" deyib. O, bu fikirləri iyunun 5-də Ağ evdə Almaniya kansleri Fridrix Mertslə görüşündə jurnalistlərin qarşısında səsləndirib.

Tramp iki tərəfi atəşkəs və, nəhayət, sülh razılaşması üçün danışıqlara təşviq etmək məqsədilə diplomatik səylər göstərməsinə baxmayaraq, ölkələr arasında dərhal sülhün əldə olunması ehtimalını azaldıb.

ABŞ prezidenti hər iki məqsədə doğru irəliləyişin olmamasından getdikcə daha çox məyus olur. Keçənilki prezidentlik kampaniyası zamanı Tramp vəzifəyə gəldikdən dərhal sonra 1945-ci ildən bəri Avropada ən böyük quru müharibəsinə son qoyacağını vəd etmişdi.

Görünür indi o, yeni bir nəticəyə gəlib və deyib ki, müharibəni dayandırmaq çətindir, çünki iki ölkə arasında "çox düşmənçilik" və Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında böyük nifrət var.

"Bəzən iki azyaşlı uşağın dəli kimi dava etdiyini, bir-birindən nifrət etdiyini və parkda savaşdığını görürsünüz. Bəzən onları bir müddət dalaşmağa qoymaq və sonra ayırmaq daha yaxşıdır", - Tramp deyib.

Tramp deyib ki, "bir məqamda" Rusiya ilə Ukrayna arasında sülhün olacağına o, hələ də inanır.

Almaniya kansleri F.Merts isə vurğulayıb ki, Berlin və Vaşinqton Ukraynanı dəstəkləmək və Rusiyaya təzyiq göstərmək üçün birgə fəaliyyət göstərməlidir.

"Amerika bu müharibə ilə bağlı nəsə etmək və onu bitirmək üçün yenidən çox güclü mövqedədir, buna görə gəlin birgə nə edə biləcəyimizi müzakirə edək", – Merts Oval kabinetdə bildirib.

O qeyd edib ki, Vaşinqtona səfəri zamanı ABŞ senatorları ilə sanksiyalar barədə danışıb. Merts onları Avropa İttifaqının (Aİ) hazırda Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin qəbulunun müzakirəsi barədə məlumatlandırıb və bu paketin qəbul olunacağını gözlədiyini bildirib.

"Biz Avropada (yeni sanksiyalar) tətbiq edəcəyik... Eyni addımı paralel şəkildə Amerikanın da atmasını xahiş edirik", –o vurğulayıb. "Bu, bizim birgə edə biləcəyimiz bir şeydir".

Tramp isə Rusiyaya qarşı əlavə sanksiyaları dəstəkləyəcəyinə dair öhdəlik götürməkdən imtina edib, lakin senator Lindsi Qremin hazırladığı sanksiyalar qanun layihəsinin "çox sərt" olduğunu deyib.

"Dayanmayacağını gördüyüm anda... biz çox, çox, çox sərt olacağıq", –Tramp bildirib. "Və açığı, bu hər iki ölkəyə qarşı da ola bilər. Bilirsiniz, tanqo oynamaq üçün iki nəfər lazımdır".

XS
SM
MD
LG