Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 02:46

Zelenski: Ukrayna Rusiyanın memorandumunu ciddi qəbul etmir


Volodimir Zelenski
Volodimir Zelenski

İyunun 2-də İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinin təqdim etdiyi memorandumdakı təklifləri nə Ukrayna, nə də onun tərəfdaşları ciddi qəbul edi. Bunu iyunun 4-də Ukrayna prezidenti Volodimir Zelenski deyib. O vurğulayıb ki, Rusiyanın tələbləri ultimatum xarakterlidir və yerinə yetirilə bilməz.

Zelenski yenə ilkin şərt olmadan atəşkəs təklif edib. O əlavə edib ki, atəşkəsdən sonra ABŞ-nin vasitəçiliyi ilə iki ölkə liderlərinin görüşü keçirilə bilər.

"Niyə liderlərin görüşündən əvvəl atəşkəs? Çünki biz görüşəcəyik və əgər heç bir anlaşma, de-eskalasiya istəyi və bu münaqişəni necə bitirmək barədə yanaşma olmasa, atəşkəs elə həmin gün başa çatacaq. Əgər biz görsək ki, dialoqu davam etdirmək və de-eskalasiyaya uyğun addımlar atmaq mümkündür, o zaman atəşkəs rejimini davam etdirəcəyik", - Ukrayna prezidenti Zelenskinin sözlərini 'Ukrayinska Pravda' sitat gətirib.

Zelenskinin sözlərinə görə, o, rusiyalı həmkarı Vladimir Putinlə 'hətta sabah' belə görüşməyə hazırdır.

Hələlik Rusiya belə bir görüşə razılıq verməyib və Kreml bəyan edir ki, əvvəlcə bu görüşü hazırlamaq lazımdır.

Ukrayna hakimiyyəti uzun müddət Putinlə danışıqlar ehtimalı barədə danışmaqdan çəkinib və prezident Zelenski hətta belə danışıqları yasaqlayan fərman da imzalayıb. Bu mövqe, çox güman ki, Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlarda israr edən ABŞ-nin təsiri altında dəyişib.

Ukrayna prezidenti həmçinin bildirib ki, əgər Rusiya əvvəlcədən atəşkəsə razılıq versə idi, o zaman iyunun 1-də Rusiyanın strateji aviasiya təyyarələrinə edilən hücumları önləmək olardı. Onun sözlərinə görə, nəticə verməyən səviyyədə İstanbul görüşlərini davam etdirməyin heç bir mənası yoxdur.

İyunun 2-də İstanbul görüşündə Rusiya və Ukrayna nümayəndə heyətləri atəşkəs və sülh yolu ilə nizamlanmanın mümkün şərtləri haqda memorandum mübadiləsi ediblər.

Ukraynanın təqdim etdiyi təklifdə əsas vurğu, danışıqların əsas məzmununa - o cümlədən ərazi məsələlərinə - keçməzdən əvvəl atəşkəsin elan olunması və əsirlərin mübadiləsi zərurətinə yönəlib. Rusiyanın təqdim etdiyi sənəd isə mahiyyətcə Moskvanın son vaxtlar irəli sürdüyü tələbləri təkrarlayır. Bu tələblərə Rusiyanın iddia etdiyi bölgələrdən Ukrayna qoşunlarının çıxarılması, Ukraynanın NATO-ya üzvlük məqsədindən imtinası, Rusiyanın ayrı-seçkilik adlandırdığı rus dili və kilsəsi haqqında qanunların ləğvi və s. daxildir.

Daha əvvəl "ABC News" telekanalı ABŞ administrasiyasının rəsmilərinə istinadən xəbər verib ki, Vaşinqton Rusiyanın sənədinin məzmunundan məyus olsa da, buna təəccüblənməyib. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Moskvanı sülhə məcbur etmək üçün Vaşinqtonun Rusiyaya qarşı sanksiyalarını sərtləşdirməklə bağlı hələ qərar verməyib.

XS
SM
MD
LG