Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 02:34

Tramp Putinlə Ukraynanın Rusiya aerodromlarına hücumunu müzakirə edib


V.Putin və D.Tramp
V.Putin və D.Tramp

İyunun 4-də ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"Biz Ukraynanın bazalarda dayanan Rusiya təyyarələrinə hücumunu və [müharibənin] hər iki tərəfinin digər hücumlarını müzakirə etdik. Bu, yaxşı söhbət oldu, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyildi. Prezident Putin çox qəti şəkildə dedi ki, aerodromlara son hücuma cavab verməli olacaq", - Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

İstanbul danışıqları ərəfəsində, iyunun 1-də Ukrayna Rusiyanın dörd hərbi aerodromuna hücum edib, qanadlı raketlər daşıyan 10-dan çox bombardmançı təyyarə məhv edilib.

Tramp Putinlə İranla yeni nüvə sazişini də müzakirə edib. Tramp deyib ki, İran nüvə silahına malik ola bilməz. "İnanıram ki, razılaşdıq", - o yazır. Rusiya prezidenti bu məsələ ilə bağlı danışıqlarda iştiraka hazır olduğunu bildirib. "Ola bilsin ki, onun köməyi problemin tez həllinə kömək edəcək", - Tramp əlavə edib.

Putin Zelenski ilə görüşdən imtina etdi

Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etdiyini açıqlayıb. O, Ukrayna hakimiyyətini Bryansk və Kursk vilayətlərində qatarları partlatmaqla qəsdən dinc sakinləri hədəfə almaqda ittiham edib.

Kursk və Bryansk vilayətlərində körpülərin çökməsi mayın 31-də baş verib. Yeddi nəfər həlak olub, yüzdən çox insan yaralanıb.

"Yaxınlarda Bryansk və Kursk vilayətlərində dəmiryol xətlərinin partladılması, şübhəsiz ki, terror aktıdır və bu cür cinayətlərin törədilməsinə dair qərar, əlbəttə ki, Ukraynada siyasi müstəvidə qəbul edilib", - Putin çərşənbə günü hökumət üzvləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu "bütün cəbhə xətti boyunca geri çəkilir", Kiyev isə "terror aktlarına keçib". "Bunun fonunda 30 və ya 60 günlük atəşkəs istəyirlər, liderlərin görüşünü xahiş edilər. Ümumiyyətlə, terrora arxalananlarla kim danışıqlar aparır? Möhlət verməklə onları niyə həvəsləndirək ki?!", - o sual edib.

Putin Ukraynanı razılığa gəlmək istəməməkdə günahlandırıb. "Aydındır ki, biz nəinki heç bir işdə səriştəsi olmayan, həm də elementar siyasi mədəniyyəti olmayan insanlarla görüşməli oluruq, razılaşmağa çalışdıqları şəxslərin ünvanına təhqirləri görürük". O, Zelenskini "tamamilə çürümüş və korrupsiyalaşmış rejimin başçısı" adlandırıb.

Putinin açıqlamasından əvvəl V.Zelenski Ukraynanın İstanbulda danışıqları davam etdirmək istəmədiyinə eyham vurub. O, Rusiya tərəfinin müharibənin dayandırılması şərtləri ilə bağlı memorandumunu "qeyri-mümkün ultimatum" adlandırıb. Ukrayna prezidentinin sözlərinə görə, danışıqlar ən yüksək səviyyədə davam etdirilməlidir: "Rusların seçimi var: İstanbul, Vatikan, İsveçrə - bunların hamısı var. Biz bazar ertəsindən etibarən istənilən gün görüş təklif edirik".

Putin çərşənbə günü danışıqları davam etdirməkdən birbaşa imtina etməyib. O, müharibənin nizamlanması məsələlərini Təhlükəsizlik Şurasının növbəti iclasında müzakirə edəcəyini bildirib.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

XS
SM
MD
LG