Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 02:51

Mask və Tramp bir-birini sərt tənqid edib


İlon Mask və Donald Tramp
İlon Mask və Donald Tramp

Milyarder işadamı İlon Mask ABŞ prezidenti Donald Trampın onunla bağlı məyusluğunu ifadə edən açıqlamalarından sonra X sosial şəbəkəsində Trampı tənqid edib.

"Mənsiz Tramp seçkiləri uduzardı, demokratlar Nümayəndələr Palatasına nəzarət edərdi və respublikaçılar Senatda uduzardı. Bu necə bir nankorluqdur", - "Tesla"nın təsisçisi Trampın sözlərinə cavab olaraq yazıb.

Maskın bu reaksiyası prezident Trampın Ağ evdə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən sonra gəlib. Tramp həmin mətbuat konfransında Maskın onun iqtisadi proqramının əsas müddəalarını əhatə edən qanun layihəsinə yönəlik tənqidlərinə çox təəccübləndiyini və məyus olduğunu deyib.

"Mən çox məyusam, çünki İlon bu qanun layihəsi ilə bağlı görülən işlərdən burada oturanların, demək olar ki, hamısından, hətta sizlərin hamısından daha çox bilirdi. O, hər şeyi bilirdi. Onun bununla bağlı heç bir problemi yox idi", –Tramp Almaniyanın kansleri Fridrix Mertslə birgə keçirdiyi mətbuat konfransında söyləyib: "Birdən-birə onun (qanun layihəsi ilə bağlı) problemi yarandı - yalnız o zaman ki, o, elektrik avtomobilləri üçün maliyyələşməni azaltmalı olacağımızı öyrəndi".

Mask prezidentin bu açıqlamasına X platformasında başqa bir paylaşımda cavab verərək qanun layihəsinin mətnini qəbul olunana qədər görmədiyini iddia edib. "Bu qanun layihəsi mənə heç vaxt göstərilməyib və o qədər sürətlə qəbul edilib ki, Konqresdə, demək olar ki, heç kim onu oxumağa belə macal tapmayıb!", – o yazıb.


Mask büdcə kəsirinin azaldılması ilə bağlı elan olunmuş siyasətdən imtina etdiyinə görə Respublikaçılar Partiyasının üzvlərini və prezidenti tənqid edib. Tramp isə buna cavab olaraq bildirib ki, "büdcəni azaltmağın ən sadə yolu" - dövlət subsidiyalarını və Maskın şirkətləri ilə bağlanmış müqavilələri dayandırmaqdır. "Mən həmişə təəccüblənirdim ki, Bayden niyə bunu etməyib", – Tramp "Truth Sosial" platformasında yazıb.

Buna cavab olaraq İ.Mask bildirib ki, onun "SpaceX" şirkəti astronavtları Beynəlxalq Kosmik Stansiyaya daşıyan "Dragon" kosmik gəmi layihəsini dayandıracaq.

Tramp və Mask arasında baş verən söz mübahisəsindən sonra milyarderin sahibi olduğu "Tesla" şirkətinin səhmləri 15 faiz dəyər itirib. Bu, son üç ayda bir gün ərzində baş verən ən böyük enişdir. "SpaceX" isə birjada ticarət olunmur. Mask Trampın seçki kampaniyasına 250 milyon dollardan çox vəsait xərcləyib və onun administrasiyasında çalışıb.

Mayda prezident D.Trampın "böyük və gözəl" qanun adlandırdığı vergi və xərclərlə bağlı qanun layihəsi Nümayəndələr Palatasında az fərqlə qəbul edilib. Senatda isə bu sənəd hazırda Konqresin hər iki palatasında çoxluğa sahib olan Respublikaçılar Partiyasının üzvlərinin müqaviməti ilə üzləşib.

Mayın 30-da İ.Mask çalışdığı Tramp administrasiyasını tərk edib. Belə ki, hökumət xərclərinin azaldılması məqsədilə yaradılmış Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsində onun səlahiyyəti başa çatıb. Mask faktiki olaraq qeyri-ştat mütəxəssis kimi çalışaraq Departamentə xüsusi dövlət qulluqçusu statusunda rəhbərlik edib. Bu statusda bir ildə 130 gündən artıq işləmək mümkün deyil. Prezident administrasiyasındakı işi başa çatdıqdan sonra Tramp ona gördüyü işlərə görə təşəkkür əlaməti olaraq Ağ evin simvolik qızıl açarını hədiyyə edib.

XS
SM
MD
LG