Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 03:29

Qarabağ separatçılarının liderini Ermənistanda müstəntiqlər 'intensiv' dindirirlər


Samvel Şahramanyan
Samvel Şahramanyan

Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan iyunun 4-də, son iki həftə ərzində dördüncü dəfə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Bu, Ermənistan hökumətinin onun yenidən separatçı qurumun rəhbəri seçilməsinin qarşısını almağa çalışması barədə yayılan məlumatların ardınca gəlib.

Şahramanyan yenidən şahid qismində Ermənistanın İstintaq Komitəsinə çağırılıb. O, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatdan sonra açılmış cinayət işi çərçivəsində dindirilib.

İstintaq Komitəsi Qarabağdakı erməni ordusunun silahlarının Azərbaycana təhvil verilməsində mümkün "səhlənkarlıq" hallarını araşdırır. Hazırda heç kimə qarşı ittiham irəli sürülməyib.

Şahramanyanın vəkili Roman Yeritsiyan jurnalistlərə deyib ki, cinayət işi 2023-cü ilin oktyabrında açılıb. Onun sözlərinə görə, müstəntiqlər nə üçün yalnız 19 aydan sonra müvəkkilini "intensiv" dindirməyə cəlb etdiklərini açıq şəkildə izah etməlidirlər.

Yeritsiyan Şahramanyana qarşı bu iş və ya İstintaq Komitəsi tərəfindən açılmış digər işlər üzrə ittiham irəli sürülməsi ehtimalını istisna etməyib. Lakin o, hələlik, bu işlərdə siyasi motiv görmədiyini bildirib.

Dindirilmə prosesi keçən ayın sonlarında Şahramanyan Qarabağdakı separatçı qurumun rəhbəri kimi öz səlahiyyət müddətini başa vurduqdan sonra başlayıb. Qarabağın mühacirətdəki separatçı qanunverici orqanı yeni rəhbər seçməyə çalışır. Onun üzvlərinin əksəriyyətinin Şahramanyanın namizədliyini dəstəklədiyi bildirilir.

Qarabağ erməniləri Paşinyana qarşı: 'Ermənistanın pulları vaxtilə Qarabağa axıb'
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

"Qürbətdəki hökumət"

Bəzi erməni KİV-ləri yazır ki, Ermənistan hökuməti bunun qəti əleyhinədir və yenidən seçilməmək üçün Şahramanyana təzyiq göstərir. Ancaq o, bunu təsdiqləməyib. Onun vəkili bununla bağlı bildirib ki, "Qarabağ deputatları" çox güman ki, tezliklə yeni "prezident" seçəcəklər.

2024-cü ilin martında Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Yerevandakı separatçı rəhbərlərini özlərini "qürbətdəki hökumət" kimi göstərməyə davam etdiklərinə görə sərt tənqid edib və onlara qarşı tədbirlər görüləcəyini deyib.

Paşinyan bu hədələrini 2024-cü ilin iyununda bir daha təkrarlayıb. O, ad çəkmədən bəzi separatçı liderləri Qarabağdan olan erməni qaçqınları Yerevanda hökumət əleyhinə etiraz aksiyalarına cəlb etməkdə günahlandırıb.

Qarabağdan olan siyasi qrupların liderləri buna cavab olaraq Paşinyan hökumətini repressiyalara əl atmaqda və Qarabağ ermənilərinə qarşı qarayaxma kampaniyası aparmaqda ittiham ediblər.

Paşinyan 2023-cü ilin sentyabr əməliyyatından əvvəl Qarabağ üzərində Azərbaycanın suverenliyini tanıyıb. O, dəfələrlə bəyan edib ki, onun hökuməti üçün Qarabağ məsələsi artıq bağlanıb.

Tənqidçilərinin fikrincə, Paşinyan Bakı ilə münasibətləri yaxşılaşdırmaq və Ermənistan-Azərbaycan sülh sazişinin imzalanmasına nail olmaq üçün hazırda Qarabağın separatçı institutlarını ləğv etməyə çalışır.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. 2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı birgünlük hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Azərbaycan birgünlük əməliyyatı "antiterror tədbirləri", Yerevan isə "etnik təmizləmə" adlandırıb. Həmin əməliyyatdan sonra bölgənin erməni əhalisi Ermənistana köç edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər mart ayında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

XS
SM
MD
LG