Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 03:48

Britaniya baş nazirinin evlərinin yandırılmasına görə niyə ukraynalıları günahlandırırlar?


Polis məmurları Britaniya baş naziri Kir Starmerin Londondakı evinin yanğından zərər çəkən girişinin yaxınlığında dayanıblar.
Polis məmurları Britaniya baş naziri Kir Starmerin Londondakı evinin yanğından zərər çəkən girişinin yaxınlığında dayanıblar.

Məhkəmə prosesi gələn ilə təyin olunub

London məhkəməsi Böyük Britaniyanın baş naziri Kir Starmer ilə əlaqəli əmlaka qarşı qəsdən yanğın hücumlarını təşkil etməkdə ittiham olunan iki ukraynalının məhkəmə prosesini 2026-ci ilin aprelinə təyin edib.


Böyük Britaniya Prokurorluğunun sözçüsü AzadlıqRadiosuna bildirib ki, iş üzrə ittiham olunan şəxslər Roman Lavrinoviç, Petro Poçinok, Stanislav Karpiyuk iyunun 6-da Londondakı "Old Bailey" məhkəməsində keçirilən iclasda ittihama münasibət bildirməyiblər.

Hakim Bobbi Çima-Qrabb hər üç şəxsin növbəti məhkəmə dinləməsinə qədər – oktyabradək həbsdə saxlanılmasına qərar verib. Məhkəmə prosesi isə 2026-cı ilin aprelində başlanacaq.

Britaniyanın antiterror polisi bu üç nəfərin və adı açıqlanmayan dördüncü şəxsin nə məqsədlə və hansı şəkildə Böyük Britaniyanın baş nazirinə bağlı avtomobilə və iki yaşayış evinə od vurduqlarını araşdırır. Hadisə mayda baş verib və yanğınlar nəticəsində xəsarət alan olmayıb.

Dördüncü şəxs bu həftənin əvvəlində Londondakı Stansted Hava Limanında həbs edilib və daha sonra zaminə buraxılıb.

+++

Mayın 12-si səhər saatlarında Londonun şimal-qərb rayonlarından birində yerləşən evin giriş qapısında baş vermiş yanğınla bağlı yanğınsöndürənlər çağırışa cavab veriblər. Yanğın kiçik olub və ön qapıya cüzi ziyan vurub. Yalnız bir məqam istisna olmaqla hadisə görünüşcə diqqət çəkməyib.

Kentiş-Taun məhəlləsində yerləşən həmin ev Böyük Britaniyanın baş naziri Kir Starmerə məxsusdur. O, Dauninq-stritə köçdükdən sonra bu evi kirayəyə verib. Polis bildirib ki, bu, mayında Starmerlə əlaqəli əmlaka qarşı qəsdən törədilmiş üçüncü yanğın hadisəsidir.

Üç gün sonra polis hadisə ilə bağlı Ukrayna vətəndaşı Roman Lavrinoviçə qarşı ittiham irəli sürdüyünü açıqladıqda bu hadisə daha da müəmmalı hal alıb. Bundan sonra daha üç nəfər də həbs olunub. Onlar arasında daha bir Ukrayna vətəndaşı, əvvəllər Ukraynada yaşamış Rumıniya vətəndaşı da var, ancaq polis digər şəxsin kimliyini açıqlamayıb.

21 yaşlı Lavrinoviç və daha iki nəfərin iyunun 6-da Londonun Mərkəzi Cinayət Məhkəməsində - daha çox "Old Bailey" kimi tanınan məhkəmədə ifadə verməsi gözlənilir.

"The Financial Times" qəzetinin məlumatına görə, Britaniya təhlükəsizlik rəsmiləri artıq bu hadisədə Rusiyanın mümkün iştirakı ehtimalını araşdırırlar.

Lavrinoviçdən başqa, Britaniya polisi və prokurorları saxlanılan daha iki nəfərin 26 yaşlı Stanislav Karpyuk və 34 yaşlı Petro Poçinok olduğunu müəyyən edib. İyunun 2-də həbs edilən dördüncü şəxsin kimliyi açıqlanmayıb.

Nə Prokurorluq, nə də London Metropolitan Polisi AzadlıqRadiosunun şərh sorğusuna cavab verib.

Ukrayna Milli Polis İdarəsinin sözçüsü Oleksandr Şapovalov bildirib ki, qurum Britaniya və digər Avropa hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və bu hadisələrin xarici kəşfiyyat xidmətləri və ya digər terrorçu qruplarla əlaqəsinin olub-olmadığını müəyyən etməyə çalışır.

Şübhəli şəxslərin iddia edilən cinayətlərlə dəqiq şəkildə necə bağlı olduqları isə, hələlik, məlum deyil.

'Mən bütün imkanları nəzərdən keçirəcəyəm'

Lavrinoviçin yeri və fəaliyyəti ilə bağlı bir ipucu AzadlıqRadiosunun Ukrayna xidmətinin araşdırma bölməsi olan "Sxema" tərəfindən aşkarlanan Teleqram platformasında işə qəbulla bağlı söhbət qruplarından gəlir.

2022-2025-ci illər arasında qeyri-müəyyən müddət ərzində Britaniyada yaşayan Lavrinoviç iş axtaran rus və ukraynalılara yönəlmiş bir neçə Teleqram qrupunun fəal üzvü olub.

Lavrinoviç bu qruplardan birində son mesajını mayın 3-də, əvvəllər baş nazir Starmerin adına qeydiyyatda olan avtomobilin yandırılmasından beş gün əvvəl yazıb. "London Robota - London Work" qrupunda o yazıb: "Salam, iş axtarıram, bütün sənədlərim var. Mən usta köməkçisi ola bilərəm".

Mayın 2-də Lavrinoviç "London UA" adlı başqa bir iş axtarışı qrupunda ukraynaca yazıb: "Salam, mən iş axtarıram, istənilən variantı nəzərdən keçirəcəyəm".

İki saat sonra Yurii adlı istifadəçi həmin mesaja "Mənə şəxsi çatda yazın" deyə cavab verib.

Telegram-da yazışma
Telegram-da yazışma

Lavrinoviçin cavab verib-vermədiyi bəlli deyil. Mayın 30-da AzadlıqRadiosunun müxbirləri şərh almaq üçün Yurii ilə əlaqə saxlayıblar. O, Lavrinoviçə və ya kiməsə, ümumiyyətlə, iş təklif etdiyini inkar edib.

Mayın 2-də onun yazdığı mesajı göstərəndə Yurii həmin söhbətin polşalı tanışı üçün köməkçi kimi iş təklifindən ibarət olduğunu xatırladığını söyləyib.

Yurii AzadlıqRadiosuna deyib ki, Lavrinoviç heç vaxt onun mesajına cavab verməyib.

AzadlıqRadiosu Lavrinoviç və digər şəxslərin qohumları ilə əlaqə saxlamağa çalışıb. Həbs olunan Poçinokun bacısı Anna isə bildirib ki, bir müddətdir qardaşı ilə əlaqə saxlamır və onun Rumıniyada yaşadığını bilir.

"İstifadə olunan birdəfəlik agentlər"

İyunun 2-də dördüncü naməlum şəxsin həbs olunduğu gün Ukrayna hərbi kəşfiyyat agentliyi qeyri-adi ictimai xəbərdarlıq yayıb.

Agentlik bildirib: "Rusiya xüsusi xidmət orqanları Ukrayna vətəndaşlarını Avropa İttifaqı ərazisində qeyri-qanuni fəaliyyətlərə qatmaq üçün onları işə cəlb etmək cəhdlərini intensivləşdirib".

"Potensial cinayətkarlara qanunsuz fəaliyyətlərdə iştiraka, kritik infrastruktur obyektlərinin izlənməsinə və təcavüzkar dövlətin xeyrinə olan digər tapşırıqların yerinə yetirilməsinə görə pul mükafatları təklif olunur", - məlumatda qeyd olunub. "Bunlar, əsasən, müvəqqəti olaraq işğal olunmuş ərazilərdən olan və çətin vəziyyətə düşmüş ukraynalılardır".

Ukraynanın əsas təhlükəsizlik agentliyi olan SBU-nun sabiq direktor müavini Viktor Yaqun deyib ki, Rusiya kəşfiyyat agentlikləri şəxsləri müəyyən etmək və işə götürmək üçün Teleqram kanallarından istifadə edir və bəziləri bundan xəbərsiz olurlar.

Yaqun Azadlıq Radiosuna deyib: "Bu, çətin vəziyyətdə olan və ya həyatda öz yerini tapmağa çalışan insanları cəlb etmək üçün müasir üsuldur. Üstəlik, həmin ukraynalılar Polşa və ya Britaniya saytlarında deyil, daha çox rusdilli platformalarda iş axtarırlar".

O əlavə edib ki, mədəniyyət və idman mərkəzlərində Rusiyanın keçmiş hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının nümayəndələri məşqçi kimi fəaliyyət göstərə bilərlər.

Bonn Universitetində təhlükəsizlik üzrə konsultant Frank Umbax xarici kəşfiyyat orqanları tərəfindən xəbərsizcə cəlb olunan şəxsləri "birdəfəlik istifadə olunan agentlər" kimi təsvir edib.

"Onlara cinayətkar qruplar yaxınlaşır. Çox vaxt insanlar Darknet, Teleqram və digər platformalar vasitəsilə cəlb edilir. Bunlar adətən sadəcə pul qazanmaq istəyən insanlardır", - o, AzadlıqRadiosuna deyib.

Fyodır Venislavski
Fyodır Venislavski

Ukrayna parlamentinin təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin üzvü Fyodır Venislavski bildirib ki, Pravoslav Kilsəsi də Rusiya kəşfiyyat orqanlarının kadr cəlb etməsində vasitə kimi istifadə olunur.

Ukraynada Pravoslav Kilsəsi 2022-ci ilin fevralında Rusiyanın işğalı ərəfəsində parçalanıb və nəticədə kilsənin bir qolu Moskva Pravoslav Kilsəsindən asılıdır.

Venislavski bildirib ki, Moskva kilsəsindən asılı kimi qəbul edilən qol son illərdə Avropada onlarca pravoslav kilsəsi açıb: "Bir şəxsin ukraynalı olduğunu öyrənmək çox da çətin deyil və onlar müvafiq təsirin obyektinə çevrilə bilərlər, hətta bu təsir mütləq din xadimlərindən gəlməyə də bilər".

Moskvaya bağlı kilsənin mətbuat katibi AzadlıqRadiosuna bildirib ki, onlar ukraynalıların Rusiya kəşfiyyatı tərəfindən kilsələr vasitəsilə işə götürülməsindən xəbərsizdirlər.

Yaqunun sözlərinə görə, Rusiyanın məqsədi Ukraynanı imicini Qərb tərəfdaşlarının gözündən salmaqdır: "Onlar ukraynalıların potensial terrorçu, potensial təxribatçı, potensial cinayətkar olduğunu göstərməkdə maraqlıdırlar. Onlar bunu yalnız bir məqsəd üçün edirlər - xaricdəki ukraynalılara dəstəyin həcmini azaltmaq".

2024-cü ilin oktyabrında AzadlıqRadiosunun "Sxema" araşdırma qrupu Rusiya kəşfiyyat orqanlarının ukraynalı yeniyetmələri hərbi qulluqçular və hərbi işəgötürənlərin istifadə etdiyi nəqliyyat vasitələrini yandırmağa cəlb etdiyi onlayn kampaniyanı üzə çıxarıb.

Araşdırma dərc olunduqdan bir neçə gün sonra səfirliklər və məktəblər də olmaqla, Ukraynanın yüzlərlə dövlət müəssisəsinə təhdid dolu elektron məktublar göndərilib. Bu məktublarda araşdırmanı aparan AzadlıqRadiosunun müxbirlərinin adları da qeyd olunub.

Yazı AzadlıqRadiosunun Ukrayna xidmətinin əməkdaşları Sergiy Stetsenko və Olqa İvliyeva tərəfindən hazırlanıb.

XS
SM
MD
LG