Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 02:35

Həbsdəki ictimai fəalın cəzası ağırlaşdırıla bilər: 'müxalifətçilik edir'


Elvin Mustafayev
Elvin Mustafayev

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimat verilib. Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan gənc fəalın həbsxana rejiminə köçürülməsi və cəzasının sonuna - 2026-cı ilin avqustunadək bu rejimdə saxlanması istənilib.

Həmin cəzaçəkmə müəssisəsi rəhbərliyinin təqdimatına iyunun 12-də Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxacaq.

Təqdimatda iddia olunur ki, E.Mustafayev daxili intizam qaydalarını pozur, cəzaçəkmə müəssisəsində müxalifətçilik edir. Müəssisə rəhbərliyinin iddiasına görə, o, əsassız şikayətlər yazmağa çalışır, özünə və işçilərə xəsarət yetirməyə cəhd göstərir. Bu üzdən, ona töhmət də verilib.

E.Mustafayevin yaxınları təqdimatda yazılanların hamısını şər-böhtan sayırlar: "Bu qədər absurd yalan olmaz, axı… Guya Elvin əməkdaşlara xəsarət yetirməyə cəhd edib. Məhbus silahlı əməkdaşa nəsə eləyə bilər? Görünür ki, azadfikirli adamların olması bunlara sərf eləmir, şər-böhtanla həbs elədikləri kimi, eyni qaydada da cəza rejimini ağırlaşdırırlar. Utanmaq hissi olmayan adamlar ora nə istəsələr, yaza bilərlər".

Yaxınlarının bildirdiyinə görə, E.Mustafayev Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun aclıq aksiyasına dəstək məqsədiylə aclığa başlayandan sonra cərimə kamerasına (kars) salınıb. Mayın 6-dan onun ailə üzvləriylə telefon danışığı və görüş hüququ məhdudlaşdırılıb.

Vəkili Zibeydə Sadıqova bildirib ki, iyunun 4-də müvəkkiliylə görüşməkdən ötrü 6 saylı Cəzaçəkmə Müəssisəsinə getsə də, görüşməsinə imkan verilməyib. Bu üzdən, ailəsi ona işgəncə verilməsindən və məsələnin üstünün açılmaması üçün vəkillə görüşə buraxılmamasından şübhələnir.

Deyilənlərə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

Xatırlatma

Elvin Mustafayev 2023-cü ilin avqustunda həbs olunub. Cinayət işinin materiallarında iddia edilir ki, ictimai fəal Binəqədi rayonu, Cəfər Xəndan küçəsində saxlanılıb, üstündən 3 qram narkotik tapılıb.

E.Mustafayev isə bildirir ki, üstündən narkotik tapılmasından tutmuş, saxlandığı yerədək iş materiallarında yazılanlar yalandır. Gənc fəal vurğulayıb ki, narkotiklə suçlanmasını özünə utanc sayır. Dediyinə görə, bu ittihamı üzərinə götürməkdən ötrü polis idarəsində təzyiqlərə məruz qalıb: "Dedilər ki, bunu boynuma götürməsəm, üzümə qadın qoyub zorlama ilə ittiham eləyəcəklər. Yaxud "İran agenti" ittihamıyla həbsə göndərəcəklər".

İctimai fəal əlavə edib ki, həbsindən öncə kuryerliklə - aptekdən dərmanların evlərə, iş yerlərinə çatdırılmasıyla məşğul olurdu. O vurğulayıb ki, ictimai fəaliyyətinə görə cəzalandırılıb və bu üzdən, daha öncə də inzibati qaydada həbs olunmuşdu.

E.Mustafayev 2023-cü ilin martında da Saatlı rayon Məhkəməsinin qərarıyla xırda xuliqanlıq və polisə dirənişdə suçlanaraq inzibati qaydada 25 sutka həbs edilmişdi. Gənc fəal o zaman da ittihamları yalanlayaraq bildirmişdi ki, Saatlıda sakinlərin su tələbiylə keçirdiyi etiraz aksiyasında polislərin davranışını, digər yerli hakimiyyət təmsilçilərinin bu problemə reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.

2023-cü il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı etiraz aksiyası keçirmişdi. Onlar kuryerliklə məşğul olan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etirazlarını bildirmişdilər.

'İşçi Masası' onlara təzyiqlərin olduğunu deyir: 'İşdən çıxarmaqla hədələyirlər'
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Elə həmin gün "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamıyla 30 sutka inzibati həbs cəzası verilmişdi. O, inzibati həbsdən buraxılandan az sonra – sentyabrın 20-də yenidən həbs edilmişdi. Bu dəfə onun haqqında cinayət işi başlanmış, bir nəfəri bıçaqla yaralamaqda suçlanmışdı. A.Məmmədova 9 il həbs cəzası verilib. O bu ittihamı yalan sayır, heç kimə xəsarət yetirmədiyini, tam tərsinə, yaşadığı evin blokundan çıxarkən, özünün hücuma məruz qaldığını və dərhal ətrafdan çıxan polislərin onu tutub apardığını deyir.

Avqustun 4-də E.Mustafayev, avqustun 10-da isə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov narkotik ittihamıyla həbs ediliblər. A.İsrafilov da bu ittihamın saxta olduğunu, işçi hüquqlarını müdafiə etdiklərinə görə şərləndiyini söyləyir.

Qurumun daha bir üzvü Möhyəddin Orucov da narkotik ittihamıyla 3 il azadlıqdan məhrum edilib. O da işlədiyi zavodda işçi hüquqlarının pozulmasına etirazına görə öncə 30 sutka inzibati həbsə məruz qaldığını və bu zaman polis bölməsində başına gələnləri ictimailəşdirdiyinə görə sonradan narkotiklə şərləndiyini deyir.

Daxili İşlər Nazirliyi ictimai fəalların şərlənməsi, polis idarələrində təzyiqlərə məruz qalması barədə iddiaları yalanlayır. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanılıblar və onların dedikləri özünümüdafiə məqsədi daşıyır.

Hökumət rəsmiləri də ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edir.

XS
SM
MD
LG