Keçid linkləri

2025, 07 İyun, şənbə, Bakı vaxtı 04:37

Elvin Mustafayevin hələ də cərimə kamerasında saxlandığı deyilir


Elvin Mustafayev
Elvin Mustafayev

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevin hələ də "karser"də (cərimə kamerası) saxlanıldığı bildirilir.

Yaxınlarının iyunun 3-də söyləmələrinə görə, onlara mayın 6-da "karser"ə salınan E.Mustafayevin oradan iyunun 29-da çıxarılacağı bildirilib.

Ailəsi onun səhhətindən ciddi şəkildə narahat olduqlarını qeyd edir. Yaxınları hesab edir ki, mədə xəstəliyindən əziyyət çəkən fəal uzun müddət cərimə kamerasında saxlanıla bilməz.

Yaxınlarının açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

22 may

Ali Məhkəmə Elvin Mustafayevin şikayətini təmin etməyib

Ali Məhkəmə mayın 22-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası üzvü Elvin Mustafayevin şikayətini təmin etməyib və aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlayıb.

Bu barədə onun yaxınları məlumat verib.

Yaxınları bundan əvvəl isə bildirmişdilər ki, E.Mustafayev saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən 6 saylı müəssisəyə köçürülüb və orada cərimə təcridxanasına (kars) salınıb. Onların vurğulamasına görə, mayın19-da Mustafayev cərimə təcridxanasından çıxarılmalı olsa da, bu, həyata keçirilməyib.

Yaxınlarının iddiasına görə, mayın 22-də də E.Mustafayev cərimə təcridxanasından elə birbaşa məhkəməyə gətirilib.

Yaxınlarının bu açıqlamasına Penitensiar Xidmətdən hər hanası münasibət almaq mümkün olmayıb.

19 may

Yaxınları Elvin Mustafayevin 'kars'a salındığını deyirlər

Mayın 6-dan bəri yaxınlarının barəsində məlumatları olmadıqlarını söylədikləri "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası üzvü Elvin Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyü bildirilir.

Bu barədə mayın 19-da onun yaxınları məlumat veriblər.

Əvvəllər 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Mustafayev həmin gün – mayın 6-da siyasi məhbuslara dəstək məqsədilə aclıq aksiyasına başladığını açıqlamışdı.

Bildirdiyinə görə, bundan sonra ondan hər hansı xəbər almaq mümkün olmayıb.

Yaxınlarının vurğulamalarına görə, iki həftəyə yaxın bir müddətdən sonra E.Mustafayevin 6 saylı Cəzaçəkmə Müəssisəsinə köçürüldüyünü və orada cərimə təcridxanasına (kars) salındığını öyrəniblər.

Hələlik, bu məlumata Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

15 may

Yaxınları Elvin Mustafayevin taleyindən narahatdırlar

Yaxınları "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan üzvü Elvin Mustafayevdən bir həftədən çoxdur xəbər ala bilmir.

Bu barədə mayın 14-də "İşçi Masası" məlumat yayıb.

Bildirilir ki, Mustafayev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində məhbusların hüquqlarının pozulmasına, həmçinin siyasi məhbusların azad edilməməsinə görə mayın 6-da aclıq aksiyasına başlayıb: "Bundan sonra ona təzyiqlər edilib və saxlanıldığı yer dəyişdirilib, lakin hazırda hansı müəssisədə saxlanıldığından xəbər yoxdur".

Yaxınlarının onun səhhətindən narahat olduqları vurğulanır.

Bu məlumata, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

E.Mustafayev 2023-cü ilin avqustunda narkotik maddələrin satışında ittiham olunaraq saxlanılıb. 2024-cü il yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. Mustafayev ittihamı rədd edib və bunu onun "İşçi Masası"ndakı fəaliyyəti ilə əlaqələndirib: "Marketdən çıxanda dörd nəfər zorbalıqla mənə hücum etdi. Dərhal telefonumu götürdülər. Məni idarəyə gətirdilər. Dedilər ki, bunu boynuma götürməsəm, üzümə qadın qoyub, zorlama ilə ittiham edəcəklər. Yaxud "İran agenti" ittihamı ilə həbsə göndərəcəklər...".

2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.

Xatırlatma

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təxminən 350 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əməllərlə bağlı mühakimə ediliblər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıdakı bir qrup Qərb diplomatı hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə basqıları dayandırmağa çağırıb.

XS
SM
MD
LG