İyunun 19-dan etibarən fakturasız (SimSim) xətt nömrələrində danışıq kartlarının istifadəsi ilə bağlı yeni yanaşma tətbiq ediləcək.
Bu barədə "Azercell"dən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib.
Qurumdan qeyd edilib ki, bu dəyişiklik çərçivəsində balansda yetərli vəsait olduğu halda, tarif paketinin aylıq abunə haqqı balansdan avtomatik çıxılacaq və nömrə 30 gün ikitərəfli, sonra isə 90 gün birtərəfli (müştəri ona gələn zəng və SMS-ləri qəbul edə bilir) olaraq açıq qalmağa davam edəcək.
"Azercell"ə görə, yeni yanaşmanın üstünlüyü ondan ibarətdir ki, tarifin istifadə müddəti ərzində abunəçi xəttini ikitərəfli açıq saxlamaqla yanaşı, tarifinin dəqiqə və internetindən tam yararlana biləcək: "Məsələn, 2 AZN-lik istənilən tarif paketində abunəçiyə ödəniş müqabilində 25 dəqiqə şəbəkədaxili danışıq və 250 MB internet təqdim olunur.... Dəyişiklikdən öncə bu tariflərdən istifadə edən abunəçinin nömrəsinin 30 gün aktiv qalması üçün minimal 5 AZN, daha uzun müddət üçün isə 10 AZN (60 gün üçün) və 25 AZN (90 gün üçün) yükləməsi tələb olunurdu".
Qurum əlavə edir ki, iyulun 1-dən bütün nominallara (1, 2, 3, 5, 10, 25, 50 və 100 AZN) dair yeni istifadə müddətləri müəyyənləşdirilib: "Lakin əvvəlki qaydalarda da olduğu kimi, kartın istifadə müddəti bitdikdən sonra belə, abunəçinin nömrəsi 90 gün ərzində birtərəfli olaraq açıq qalır (müştəri gələn zəng və SMS-ləri qəbul edə bilir)".
"Azercell" vurğulayır ki, fakturasız (SimSim) xətt nömrələrinə aid bəzi tariflərə yeni qoşulmalar dayandırılır: "...Nəticə olaraq bildiririk ki, müvafiq dəyişiklik Abunə Müqaviləsinin şərtlərinə və həmçinin Azərbaycan Respublikası qanunvericiliyinə uyğundur".
Narazılıq nədəndir?
"Azercell"in gələn aydan tətbiq edəcəyi yeni qaydalar sosial şəbəkələrdə birmənalı yozulmayıb. Şirkətin sosial şəbəkələrdəki rəsmi hesablarına yazılan rəylərdə bəzi istifadəçilər yeni qərarın onların cibinə uyğun olmadığını, həm telefon danışığı, həm də internet qiymətlərinin baha olduğunu vurğulayıblar.
Məsələ burasındadır ki, bir neçə gün əvvəl bir sıra yerli media orqanlarında "Azercell"in iyulun 1-dən yeni tariflərə keçəcəyi ilə bağlı məlumatlar yayılmağa başlamışdı. Bu məlumatların müzakirəsi zamanı vurğulanırdı ki, gələn aydan etibarən balansda yetərli qədər pul yoxdursa, nömrə birtərəfli bağlanacaq. Yəni, istifadəçi zəng edə bilməyəcək, ancaq zəngləri qəbul edəcək. Habelə əlavə edilirdi ki, kartın istifadə müddəti isə onun dəyəri qədər olacaq. Məsələn, 1 manatlıq kart üçün istifadə müddəti bir gün olacaq. Hazırda isə bu, beş gündür.
Ekspert rəyi: "Tarifi yeniləmək mümkün olmayacaqsa..."
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Facebook-da yazıb ki, "Azercell" "1 manat – 1 gün" qaydasına keçib.
Onun deməsinə görə, "Azercell" açıq-aşkar bildirir ki, hansısa tarifdə olub onu yeniləyə bilməyən, ondan az balansa pul yükləyən elə həmin məbləğə uyğun sayda gün danışa biləcək: "Yəni, tutaq ki, siz 5 manatlıq paketdəsiniz, əgər növbəti ayda 5 manatı ödəyib paketi yeniləsəniz, telefon xəttiniz hər iki istiqamətdə 30 gün açıq olacaq. Amma əgər balansda 3 manatınız qalıbsa, paketi yeniləyə bilmirsinizsə, 1 manat yükləyirsinizsə, siz ancaq bir gün danışa biləcəksiniz. Baxmayaraq ki, paketinizdə 3 manat qalıb, siz danışa bilməyəcəksiniz. Siz yalnız 90 gün zəngləri qəbul edə biləcəksiniz".
Onun fikrincə, "Azercell"in yeni dəyişikliyi məhz xəttin zəng üçün açıq qalma müddətindədir. O.Gündüz vurğulayıb ki, əgər tarifi yeniləmək mümkün olmayacaqsa, onda "Azercell"in "1 manat – 1 gün" prinsipinə uyğun danışmaq mümkün olacaq.