MeydanTV-nin həbsdə olan redaktoru Aynur Qəmbərova (Elgünəş) saxlanıldığı Bakı İstintaq Təcridxanasında, heç olmasa, ayda iki dəfə itini görməyə imkan yaradılmasını istəyir. Bundan ötrü o, Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova rəsmi şəkildə məktub yazıb. Bu, jurnalistin eyni məsələ bağlı üçüncü müraciətidir. Onun sözlərinə görə, əvvəlki iki məktubuna cavab ala bilməyib.
A.Elgünəş vurğulayır ki, himayəsində olan ikiyaşlı, 1.8 kq çəkisi olan Maksı əsas ailə üzvü sayır. Deyir ki, o, vaxtaşırı peyvənd olunur, digər tibbi və gigiyenik prosedurları keçir. Qanunvericilikdə də onunla görüşünü yasaqlayan heç bir müddəa yoxdur: "İtimlə görüşmək istəməyim başqalarına gülməli görünə bilər, ancaq evində heyvan saxlayan hər bir mədəni insan üçün o, övlada bərabər bir varlıqdır. İndi nə edim ki, sabah məni "qəbir evinə çiynində aparsın" deyə, insan övladına himayəlik etmək istəməmişəm! Mən həyatım boyu istifadəçi olmamışam və sabahım üçün yatırım etməmişəm. Ürəyim daha məsum varlığa – Maksa sahib olmaq istəyib".
Jurnalist əlavə edib ki, Penitensiar Xidmətin rəhbərinə üçüncü məktubuna da cavab almasa, bundan sonra məhkəməyə üz tutacaq.
A.Elgünəşin iti ilə görüşünə icazə almaqdan ötrü vəkillər də həm Penitensiar Xidmətə, həm də Ombudsman Aparatına müraciət etsələr də, rəsmi cavab almayıblar.
Jurnalistin Maksla görüşünə icazə verilməsi məsələsiylə əlaqədar Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Xatırlatma
MeydanTV-nin əməkdaşları - Aynur Elgünəş, Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Tapdıq (Əhmədova), Aysel Umudova və Ramin Deko (Cəbrayılov) ötən il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbi direktorunun müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Adları çəkilən jurnalistlərdən başqa, fevralda MeydanTV ilə bağlı cinayət işi üzrə daha dörd nəfər həbs edilib. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayda isə Ülviyyə Əli (Quliyeva) saxlanılıb.
Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi motivlərlə həbs edilmir. Onların iddiasına görə, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.