Budəfəki "Həftəyə baxış"da məhbəsdə aclıq aksiyalarından; Bakının xarici siyasət vektorlarının arxasındakı niyyətlərdən danışırıq.
Həbsdəki alim 'karser'dən çıxarılmasından ötrü şərt qoyulduğunu deyir
İstanbul Universitetinin azərbaycanlı doktorantı, 9 il həbs cəzasına məhkum edilmiş Fazil Qasımov aclıq aksiyası keçirdiyinə görə cəzalandırıldığını, "karser"ə salındığını deyir. Anasına dediyinə görə, ona şərt qoyulub ki, aclığı dayandırması barədə ərizə yazsın. İqtisadçı alim professor Qubad İbadoğlunun həbsindən sonra saxlanılıb, onun İstanbulda Q.İbadoğluya saxta dollarları verdiyi iddia olunur. Amma indiyədək məhkəmədə hazırda polis nəzarətində olan Q.İbadoğlunun şahid kimi dindirilməsi barədə dəfələrlə vəsatət qaldırılsa da, təmin olunmayıb.
Həbsdəki ictimai fəalın cəzası ağırlaşdırıla bilər: 'müxalifətçilik edir'
"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasından Elvin Mustafayevin isə hələ də "karser"də (cərimə kamerası) saxlanıldığı bildirilir. Üstəlik, cəza rejiminin ağırlaşdırılmasından ötrü məhkəməyə təqdimat verilib, gənc fəalın həbsxana rejiminə köçürülməsi istənilib. Səbəb də o göstərilir ki, E.Mustafayev müxalifətçilik edir. Yaxınları bunları şər-böhtan sayırlar. E.Mustafayev "karser"ə müxalifətçi Tofiq Yaqublunun aclıq aksiyasına dəstək məqsədiylə aclığa başlayandan sonra salınıb.
Saleh Səmədov həbs edilib
İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov mənimsəmə və ya israf etmə ittihamıyla həbs olunub. O, mayın 13-də bu vəzifəsindən azad edilmişdi, səbəb isə onun faşizm üzərində Qələbə günü münasibətilə rayonun İmişlinin Sarıxanlı kəndində SSRİ bayrağı altında, sinəsində "rus imperiyasının rəmzi" olan "Georgi lenti" ilə çıxış etməsi göstərilmişdi. Rusiya işğalının simvolu sayılan "Georgi lenti" bəzi ölkələrdə rəsmi yasaqlanıb. Bəs, Azərbaycanda niyə qadağan edilmir?
Şərqlə Qərb arasında
Bu həftə Azərbaycan prezidenti İlham Əliyev ilə iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub. Onlar ikitərəfli əlaqələrin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulayıblar.
Son bir ayda rəsmi Bakının həm qonşu İranla, həm də Qərblə təmasların da sıxlaşdırması diqqət çəkir. Ötən həftə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak Yerevandan Bakıya gəldi. Ondan öncə isə israilpərəst mövqeyi ilə seçilən senator Stiv Deyns Bakıda rəsmi görüşlərdən sonra Yerevana getdi. Prezident Əliyev ötən ay Tiranada Avropa Siyasi Birliyinin sammitində qərb liderləri ilə görüşlər keçirdi. Son illər davamlı ritorik mövqe tutduğu, bir neçə ay öncəyədək tənqid etdiyi Fransa prezidenti Emmanuel Makronla mehriban söhbəti də gündəm oldu.
Digər tərəfdən, rəsmi Bakı işğaldan azad olunmuş ərazilərində İranla birgə hərbi təlim keçirdiyi bir vaxtda daxili işlər naziri İsraildə görüşlər keçirir. Azərbaycan prezidentinin köməkçisi isə NATO və Aİ rəsmiləri ilə görüşdə qarşılıqlı əlaqələri, regional təhlükəsizliyi müzakirə edir.
Hakimiyyət daim çoxvektorlu xarici siyasətə sadiqliyini bildirir, heç bir hərbi alyansa qoşulmadığını bildirir. Ara-sıra Qərblə yaşanan ritorik gərginliyə gəlincə, siyasi şərhçi Nəsimi Məmmədli belə dönəmlərdə belə əməkdaşlığın sabit qaldığını vurğulayır. Rusiyanın Ukraynaya təcavüzü isə Qərbin Rusiyadan gələn təhdidi zərərsizləşdirmək imkanının zəif olduğunu ortaya qoydu: "Rusiyanın hazırda çəkindiyi, münasibətləri yaxşı saxlamağa çalışdığı dövlət Çindir. Azərbaycan da Çinlə, İranla yaxınlığı dərinləşdirməklə Rusiyanın təzyiqlərindən müəyyən qədər yayınmağa çalışır".
Bakının əlindəki kart
"Qərblə, yaxud Qlobal Cənubla tərəfdaşlıq və əməkdaşlığın gücləndirilməsi Bakının əlində tərəflərdən güzəştlər, daha yaxşı razılaşma əldə etmək üçün kartdır". Bunu "SpecialEurasia" konsaltinq və media agentliyinin tədqiqat meneceri Culiano Bifolki AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, Moskva Bakının Beynəlxalq "Şimal-Cənub" Nəqliyyat Dəhlizi sayəsində Avrasiya şahmat taxtasında logistika habına çevrilmək strategiyasını dəstəkləyə bilər. Son illər Ukrayna münaqişəsindən dolayı Moskvanın Cənubi Qafqazda təsirinin azalmasına baxmayaraq, Kreml hələ də regional dinamikaya təsir göstərir və ona görə də Ermənistanla münaqişədə Bakıya Rusiya ilə tərəfdaşlıq razılaşmaları lazımdır. Beynəlxalq dinamikaya gəlincə, təhlilçinin fikrincə, Ermənistanla sülh danışıqlarını və Azərbaycanın enerji bazarındakı rolunu nəzərə alanda Bakı ABŞ və Avropa İttifaqı ilə əlaqələri saxlamalıdır: "Hər iki aktor Ermənistanın xarici və yerli siyasətində son baş verənləri nəzərə alaraq Yerevana və danışıqlara təsir göstərə bilərlər".
İnsan haqları arxa plana keçir?
Qərbin Bakı ilə münasibətdə son vaxtlar tənqidi mövqedən sanki çəkindiyi, daha çox enerji və təhlükəsizlik tərəfdaşlığını vurğuladığı görünür. Vaşinqton və Brüssel demokratik idarəçilik yönündə Bakıya hansısa formada təzyiq göstərə bilərmi?
Siyasi şərhçi Nəsimi Məmmədli Azərbaycanla Qərb arasında kəskin fikir ayrılığı yaradacaq ziddiyyət olmadığını bildirir: "İndiki geosiyasi şərtlər altında hər iki tərəfin maraqları əməkdaşlığı sabit saxlamağı tələb edir. Nə Azərbaycan hansısa güzəşt üçün Qərbə təzyiq edə bilir, nə də Qərb Azərbaycanı nəyəsə məcburetmə siyasətinə meyllidir. Qərbin bir sıra institutları onsuz da demokratiya və insan haqları məsələlərini gündəmdə saxlayırlar. Amma hökumətlər üçün bunlar sabitlik və təhlükəsizlikdən daha arxa planda görünür".
C.Bifolki isə deyir ki, ABŞ və Aİ-nin standart strategiyası Bakıya sanksiyalar tətbiqi ola bilər, amma iqtisadi təzyiq Brüsselin enerji strategiyasına birbaşa təsir göstərə, Azərbaycanı Rusiya və Çinin ağuşuna ata bilər: "Xüsusilə Brüsseldən qətiyyətlə və güclü mesaj Azərbaycanın daxili siyasətinə təsir göstərə, hökuməti mövqeyini dəyişməyə vadar edə bilər. Bakının QHT-lərə, Qərb qurumlarına qarşı sərt tədbirləri onu göstərdi ki, ölkədə vətəndaş cəmiyyətinin inkişafı yönündə işləmək strategiyası iflasa uğradı. Buna görə də Bakıya və onun yaxın müttəfiqi Ankaraya diplomatik və iqtisadi təzyiq, eyni zamanda ABŞ və Avropanın Ermənistana dəstəyi (müdafiə və hərbi zəmanətləri, avadanlıq verməsi) Azərbaycan rəhbərliyinə qətiyyətli mesaj verə bilər".
Təhlilçi bir daha vurğulayır ki, Azərbaycan Rusiya kimi iqtisadi sanksiyalara məruz qalarsa, daha çox Moskva və Pekinə meyllənəcək. ABŞ və Aİ-nin zəngin bazarlarından, Avropa və Asiya arasında logistik rolundan məhrum edilmək isə "Azərbaycan cəmiyyətinin hökumətin on illərdir davam edən narrativindən oyanması üçün gərəkən zəlzələni yaradar".